III. İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ MAGİSTR VƏ DOKTORANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

Nizami Gəncəvi və Dayanıqlı İnkişaf

4 - 7 İYUN 2021
GƏNCƏ / AZƏRBAYCAN

Bu konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ali təhsil müəssisələrinin magistr və doktorantlarını bir araya gətirən elmi konfransdır. Konfransın əsas məqsədi multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, magistr tədqiqatlarının nəticələrini bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə beynəlxalq elmi platforma yaratmaqdır.

Birinci konfrans “Paşaholdinq” Şirkətlər Qrupunun dəstəyi ilə 31.05.2019 – 02.06.2019 tarixlərində Bakı şəhərində təşkil olunmuşdur.  Konfransın açılışında AR Təhsil Naziri, AR Hesablama Palatasının sədri, KOBİA idarə heyətinin sədri, digər dövlət qurumlarının rəhbər şəxsləri və universitet rektorları da başda olmaqla iştirakçılarla birgə 700 -ə yaxın qonaq iştirak etmişdir. Açılış mərasimi zamanı rəsm sərgisi təşkil olunmuş və qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Konfransın açılışında 4 dildə plenar çıxışlar və dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etmişdir.  Ümumilikdə 3 gün ərzində konfransda 72 seksiya baş tutmuşdur ki, bu seksiyalarda 21 fərqli ölkədən 350 – dən çox magistrant məruzələrini təqdim etmişlər. Məruzələrini təqdim edən iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Daha sonra məruzələr kitabı beynəlxalq ISBN nömrəsi ilə elektron olaraq nəşr olunmuş və konfrans saytına yerləşdirilmişdir.

İkinci konfrans dünyada davam edən pandemiya ilə əlaqədar olaraq 29.05.2020 – 31.05.2020 tarixlərində UNEC Extern Mərkəzin imkanlarından faydalanaraq online qaydada təşkil olunmuş konfrans UNEC-in 90 illiyinə həsr olunmuşdur. Konfransın online qaydada təşkil olunan açılışında AR Təhsil Nazirinin müavini Firudin Qurbanov, konfransın əsas dəstəkçisi olan “Paşaholdinq” şirkətlər qrupunun baş icraçı direktoru Cəlal Qasımov, UNEC rektoru Ədalət Muradov iştirak etmişdir. Sosial şəbəkələrlə canlı yayımlanan açılış mərasimini ümumilikdə 8000-dən çox insan izləmişdir. Açılış mərasimində Azərbaycan, ABŞ, Türkiyə və Rusiyadan olan plenarçılar öz mövzularını 4 fərqli dildə təqdim etmişdir. 2 gün online davam edən konfransda dünyanın 25 – dən çox ölkəsindən 325 məruzə 65 seksiyada online qaydada təqdim olunmuşdur. Təqdim olunan məruzələr məruzələr kitabı halında 2020 – ci ilin noyabr ayında beynəlxalq ISBN nömrəsi ilə nəşr olunmuş və konfrans saytında yerləşdirilmişdir.